Rayonun Qaradeyin kəndində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin müntəzəm olaraq davam edən səyyar görüş-qəbulu növbəti dəfə rayonun Qaradeyin kəndində keçirilib. Noyabrın 13-də təşkil olunan görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə Səbuhi Abdullayev Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun sosial- iqtisadi inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. RİH başçısı çıxışında əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının təmin olunduğunu, yol infrastrukturunun yaxşılaşdırıldığını və mədəni-quruculuq istiqamətində mühüm layihələrin həyata keçirildiyini qeyd edib. Səbuhi Abdullayev son illər rayonumuzun hər yerində olduğu kimi Qaradeyin kəndində də müəyyən işlərin görüldüyünü, xüsusilə kənd təsərrüfatı sahəsində bu işlərin daha da intensivləşdiyini bildirib. O, ölkə başçısının müvafiq sərəncamları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərdən, ayrılan subsidiyalardan səmərəli istifadə olunmasının müsbət nəticələr verdiyini, yaşayış məntəqələrində əhalinin kənd təsərrüfatı işlərinə marağının daha da artdığını və adamların məşğulluğuna geniş imkanlar yarandığını diqqətə çatdırıb. Səbuhi Abdullayev strateji əhəmiyyətə malik olan kənd təsərrüfatı məhsulları istehsalının, o cümlədən tütünçülüyün, baramaçılığın, fındıqçılığın və s. sahələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Görüşdə kənd sakinləri ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Çıxış edənlər ərazinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılmasına, yeni tibb məntəqəsinin tikilməsinə və inşası bu il nəzərdə tutulan 80 yerlik modul tipli məktəb binasının tikintisinə başlanılmasının sürətlədirilməsinə köməklik göstərilməsi barədə təkliflər irəli sürüblər. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev görüşdə səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.