Qafqaz Albaniyasının mədəni-tarixi irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mərkəz olub. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində indi də qorunub saxlanılır. Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir, tolerantlıq və multikulturalizm ideyaları cəmiyyətdə çox güclüdür. Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qəbələ Rayon İcra Hakimiyyətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Nic qəsəbəsində “Qafqaz Albaniyası Azərbaycanın mədəni-tarixi irsi kimi” mövzusunda elmi-praktik konfrans keçirilib. Qəsəbədəki Azərbaycan Udi Ocağında keçirilən tədbirdə təşkilatçı qurumların əməkdaşları, tarixçi alimlər, ziyalılar iştirak ediblər. İştirakçılar əvvəlcə udi mədəniyyətini əks etdirən etnoqrafik muzeyə baxıblar. Konfransda açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova ölkəmizin dünyada multikulturalizmin məskəni kimi tanındığını, multikulturalizmin Azərbaycan modelinin bu gün bütün dünyada geniş təbliğ olunduğunu bildirib. Azərbaycanda tarix boyu müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələrinin sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edən Ətayə Osmanova bu ənənə indi də qorunub saxlanıldığını diqqətə çatdırıb.. BBMM-nin icraçı direktor əvəzi Rəvan Həsənov çıxışında bildirib ki, Azərbaycanın mədəni irsi və onun ayrılmaz tərkib hissəsi olan Qafqaz Albaniyasının tarixinə ölkənin hər bir vətəndaşı sahib çıxmalıdır. Natiq vurğulayıb ki, əgər biz Qafqaz Albaniyasına, onun tarixinə laqeyd yanaşsaq, o zaman bədnam qonşularımız və digərləri tariximizə sahib çıxmağa can atacaq. Bunu yaxın tariximizdə də yaşamışıq. Torpaqlarımıza, tariximizə, mədəniyyətimizə iddialar heç vaxt bitməyib. Qafqaz Albaniyası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyinə toxunan Rəvan Həsənov qeyd edib ki, BBMM bu işdə aparıcı mövqeyini ortaya qoymağa həmişə hazırdır. Mərkəz yalnız ölkə daxilində deyil, ölkə xaricində də tarixçi alimlərin iştirakı ilə Qafqaz Albaniyasını, xüsusilə onların varisləri olan udilərin tarixini, dini inanclarını təbliğ etmək üçün mühüm tədbirlər həyata keçirir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə tədbirin olduqca aktual, əhəmiyyətli və ağrılı bir mövzuya həsr olunduğunu bildirib. Qeyd olunub ki, Azərbaycana qarşı etnik təmizləmə, təcavüz siyasəti həyata keçirən Ermənistan öz işğalçı siyasətinə tarixi don geyindirməyə çalışır, erməni şovinistləri tarixi saxtakarlığa əl atırlar. Onlar işğal olunmuş ərazilərimizdə qədim alban məbədlərinin üzərindəki əski kitabələr məhv edilir və başqa yazılarla əvəz olunur. Məqsədli qaydada bu məbədlərin özünəməxsus memarlıq quruluşu dəyişdirilərək erməniləşdirilir və qriqoryanlaşdırılır. Anar Əlizadə deyib: “Qafqaz Albaniyasının irsinə sahib çıxmaq bizim borcumuzdur. Rus qafqazşünas alimlərinin də qeyd etdikləri kimi, Qafqaz Albaniyasının tarixi və taleyi ilə azərbaycanlılar hamıdan çox maraqlanmalı, məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar. Sevindirici haldır ki, alimlərimiz son zamanlar ermənilərin yalanlarını ifşa edən xeyli fundamental əsərlər yazıblar. Hər il Qafqaz Albaniyası irsinin Azərbaycan xalqına məxsusluğunu sübuta yetirən, onu dünya ictimaiyyətinə təqdim və təbliğ edən xeyli tədbir keçirilir. Bununla yanaşı, Qafqaz Albaniyası irsinin qorunması ilə bağlı, həm də praktiki addımlar atılmalıdır. Azərbaycan dövləti buna çox böyük əhəmiyyət verir. Dövlətimizin başçısı da bu məsələyə çox həssas yanaşır. Bu istiqamətdə artıq həm hüquqi, həm də dini müstəvidə xeyli iş görülüb. Alban kilsələri bərpa olunub, 2 alban-udi icması dövlət qeydiyyatına alınıb. Bu icmalara hər il əhəmiyyətli dərəcədə maliyyə yardımı ayrılır. Bütün bunların məqsədi tarixi ədalətsizliyi ortadan qaldırmaq və alban kilsələrini öz həqiqi varislərinə qaytarmaqdır”. DQİDK-nin dinşünaslıq ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov tədbirin bir neçə gündən sonra qeyd olunacaq Beynəlxalq Tolerantlıq Günü ərəfəsində keçirilməsinin xoş bir təsadüf olduğunu vurğulayıb. Bildirilib ki, Nic qəsəbəsi istər ölkə daxilində, istərsə də beynəlxalq tədbirlərdə hər zaman Azərbaycan tolerantlığının, multikulturalizminin beşiyi, canlı nümunəsi kimi təqdim olunur. Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilatçılara icma üzvləri adından minnətdarlığını bildirib. Konfransda AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Fəridə Məmmədovanın “Azərbaycanın mədəni-tarixi irsi olaraq Qafqaz Albaniyası: regional, siyasi (konfessional) və mədəni aspektlər”, tarix elmləri üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevanın “VIII-XIX əsr Alban etno-mədəni irsi yerli mənbələrdə”, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının “Qafqaz Albaniyasında Arran memarlıq məktəbinin rolu”, tarix elmləri doktoru Məhəbbət Paşayevanın “Azərbaycanda alban tayfalarının etnik ənənələri”, tarix elmləri doktoru Anar İsgəndərlinin “Qafqaz Albaniyası Azərbaycan tarixşünaslığında”, tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun “Tülü kilsəsində aparılan arxeoloji tədqiqatların nəticələri” mövzularında məruzələri dinlənilib