“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Qəbələdən xoş təəsüratlarla ayrılmışlar.
“Ölkəmizi tanıyaq” devizi altında Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Cəbrayıl, Cəlilabad, Qubadlı (Sumqayıt), Saatlı və Sabirabad rayonlarının rayonlardan olan məktəblilər aksiya çərçivəsində Qəbələ rayonu ilə yaxından tanış olmuşlar. Tur-aksiya iştirakçılarına Azərbaycanın ən qədim bölgələrindən olan Qəbələnin zəngin tarixi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Aksiya iştirakçılarına 900 il Qafqaz Albaniyasının paytaxtı olan və bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədimiliklə müasirliyin sintezi fonunda qurulan Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun coğrafiyası, etnoqrafiyası, əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumatlar verilmişdir. Səfər çərçivəsində məktəblilər rayonun tarixi-mədəni yerləri, istirahət-sağlamlıq mərkəzləri, istehsal müəssisələri və müasir turizm infrastrukturu ilə yaxından tanış olmuşlar. Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilib, qaliblərə xatirə hədiyyələri verilib, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil edilib.Tur-aksiyada iştirak edən məktəblilər Qəbələdən xoş təəsüratlarla ayrılmışlar.