Qəbələ məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına tur-səfərinə yola salınıblar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunmuş “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ rayon məktəblilərinin noyabrın 18-də Quba, Qusar və Xaçmaz rayonlarına tur-səfərlərinə yola salınması mərasimi keçirilmişdir. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısının müavini Ətayə Osmanova Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən söz açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Mərasimdə rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək diqqətə çatdırmışdır ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən valideyn Kəbirə Cabbarova bildirmişdir ki, keçirilən tur-aksiyalar ölkə prezidenti cənab İlham Əliyevin gənc nəslin hərtərəfli vətəndaş kimi yetişməsinə göstərdiyi qayğısının təzahürüdür. Bizim balalarımız bu tur aksiyada vətənimizi daha da yaxından tanıyacaqlar. O, aksiyanın keçirilməsinə xüsusi diqqətlə yanaşan ölkə başçısına bütün valideynlər adından minnətdarlığını bildirdi. Toplantıda Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Nailə Qasımzadə tur-aksiyanın təşkilatçılarına minnətdarlığını bildirərək respublikamızın bir çox bölgələrində olduğunu, bu tur-aksiyada isə məktəblilərlə birgə Quba, Qusar və Xaçmaz rayonlarının təbiəti, görməli yerləri ilə tanış olacağını, bu yerlərin tarixi, adət-ənənələri, inkişafı barədə zəngin məlumatlar əldə edəcəyini bildirib. Daha sonra tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzmüşlər. Yolasalma mərasimində iştirak edən valideynlər və məktəblilər ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonda tur-aksiyada iştirak edən şagirdlər musiqi sədaları altında onlar üçün ayrılmış xüsusi avtobusla Quba istiqamətinə yola düşüblər.