Qəbələ məktəbliləri şimal bölgəsinə ekskursiyaya Qubadan başlayıb.
Dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 18-də ölkəmizin şimal bölgəsinə ekskursiyaya yola düşən məktəblilərimiz Qubada qarşılanıblar. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli iderin abidəsini ziyarət etdikdən sonra məktəblilərə rayon haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizin digər regionlarında olduğu kimi, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar və emal sahələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəz təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Qarşılanma mərasimindən sonra Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar. Proqrama əsasən ekskursiyada iştirak edən məktəblilər noyabrın 21-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.