Qəbələ məktəbliləri şimal bölgəsinin görməli yerlərini gəziblər.
Noyabrın 19-da maarifləndirici tur-aksiyada iştirak edən məktəblilərimiz qədim Quba və Azərbaycanın şimal qapısı sayılan Qusarla tanış olublar. Ekskursiyaya dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayan şagirdlərin diqqətinə çatdırılıb ki, uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Şagirdlər qəsəbədəki Heydər Əliyev parkını gəzib, sinaqoqla, eləcə də Qudyalçayın üzərindəki Tağlı körpü ilə tanış olublar. Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsini, zəngin memarlıq üslubuna malik Cümə məscidini, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olublar. Günün ikinci yarısında məktəblilər Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.