Rabitə işçiləri peşə bayramlarını qeyd etmişlər.
Dekabrın 6-da Qəbələ rayonunda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Daha sonra “Rabitə evində” toplantı təşkil olunmuşdur. Tədbirdə Qəbələ Telekommunikasiya Qovşağının rəisi əvəzi Etibar İsayev çıxış edərək peşə bayramı münasibətilə bütün rabitə və informasiya texnologiyaları sahəsi işçilərini təbrik etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün Respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Toplantıda çıxış edənlər diqqətə çatdırmışlar ki, müstəqil Azərbaycanda rabitə sahəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində inkişaf etməyə başlamışdır və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə iş uğurla davam etdirilir. Bildirilmişdir ki, Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər davamlı olaraq həyata keçirilir. Sonda uzun müddət səmərəli fəaliyyətinə görə fərqlənən rabitəçilərə diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.