Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Mıxlıqovaq və Kötüklü kəndlərinə təbii qaz verilib.

07 dekabr 2018 | 04:00

Dekabrın 6-da rayonun Mıxlıqovaq və Kötüklü kəndlərinə təbii qazın verilməsinə başlanılıb. Qaz xəttinin izdihamlı açılışı mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin bölgə üzrə idarə rəisi Qurban Mehdiyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, Mıxlıqovaq və Kötüklü kəndlərinin ictimaiyyəti iştirak edib. Mərasimdə iştirak edən RİH başçısı bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər rayonun hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu layihə inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Qəbələdə adamların rahatlığına, firavanlığına xidmət göstərir və hər bir qəbələli bunun bəhrəsini öz gündəlik həyatında hiss edir. Ölkə başçısının yaxından köməkliyi və qayğısı ilə rayonun son illərdə çox böyük inkişaf yolu keçdiyi, beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevrildiyi diqqətə çatdırılıb. Qəbələdə müasir təhsil ocaqlarının, turizm–istirahət mərkəzlərinin, idman qurğularının, asfalt yolların, körpülərin, sənaye müəssisələrinin və digər sosial obyektlərin tikilərək istifadəyə verildiyi, köhnəliklə-müasirliyin sintezi fonunda yenidən qurulduğu vurğulanıb. Natiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Qəbələdə hər il beynəlxalq musiqi festivallarının və rəsm sərgilərinin keçirildiyini, planetimizin hər yerindən dünya şöhrətli musiqiçilərin, musiqi kollektivlərinin və məşhur fırça ustalarının bu möhtəşəm tədbirlərə qatıldığını, əsil mədəniyyət, əsil dostluq bayramına çevrildiyini söyləyib. Bildirilib ki, rayonda aparılan quruculuq işlərinin, həyata keçirilən sosial inkişaf proqramının davamı kimi çəkilişinə bu il mayın 3-də başlanılan və tikintisi qısa bir müddətdə - 30 oktyabrda başa çatdırılan Mıxlıqovaq və Kötüklü kəndlərinin qazlaşdırılması da belə layihələrdəndir. Ərazidə birpilləli sistem əsasında 119,535 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1082 abonentə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi regional idarəsinin rəisi Qurban Mehdiyev, Mıxlıqovaq kənd sakini Maarif İsmayılov, ağsaqqal Tahir Qafarov və digərləri çıxış ediblər. Natiqlər çıxışlarında Qəbələ şəhərində və onun yaşayış məntəqələrində aparılan abadlıq-quruculuq işlərinə gostərilən qayğıya, o cümlədən Mıxlıqovaq və Kötüklü kəndlərinə yeni asfalt yolun çəkilməsinə, rabitə və elektrik xətlərinin yenilənməsinə, yeni artezian quyularının qazılmasına və əraziyə “mavi yanacağ”ın verilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər. Sonda Səbuhi Abdullayev və Qurban Mehdiyev rəmzi açılış məşəlini alovlandırıblar.

Keçidlər