Rayonun Çuxur Qəbələ kəndində səyyar görüş-qəbul keçirilib.
Tədbirdə hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd ziyalıları, ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkənin və rayonun sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Natiq qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda tikinti-abadlıq işləri genişlənir, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa edilir, uşaq bağçaları tikilir, digər sosial layihələr icra olunur. O, görülən işlərin, həyata keçirilən bütün tədbirlərin sonda yalnız bir amala - əhalimizin yaxşı yaşamasına, insanlarımızın firavanlığı üçün yeni iş yerlərinin yaradılmasına və onların sosial rifahının, həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət etdiyini qeyd edib. RİH başçısı çıxışında ölkə prezidenti İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli ilə bağlı keçirilən bu cür səyyar görüş-qəbulların çox önəmli olduğunu qeyd edib. Tədbirdə kənd sakinləri ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafa, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə razılıqlarını ifadə ediblər. Cıxış edən ictimaiyyət nümayəndələri kənddə işıq dirəklərinin dəyişdirilməsinə, yeni yaşayış massivinə qaz xəttinin çəkilməsinə və ərazidə uşaq bağçasının açılmasına ehtiyac olduğunu bildiriblər. Rayon icra hakimiyyətinin başçısı vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib, onların həllini nəzarətə götürüb.