Azərbaycan Prezidenti İlham Əliyev «Qəbələ»nin idmançısını mükafatlandırdı.
Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, bütün sahələrdə, həmçinin idman sahəsində Azərbaycanın böyük nailiyyətlər qazandığını deyib. Çıxışının sonunda Prezident İlham Əliyev əldə olunmuş uğurlar münasibətilə idmançılarımızı bir daha təbrik edib, onlara yeni qələbələr arzulayıb. Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov da mükafatlananlar arasında yer alıb. Azərbaycan Prezidenti İlham Əliyev ona yeni mənzilin orderini təqdim edib.