Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər ediblər.

29 dekabr 2018 | 16:00

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri dekabrın 29-da Qəbələ rayonunun Nic qəsəbəsinə səfər ediblər. İlk öncə institutun təmsilçiləri və Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçiləri ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. İnstitutun kollektivi sonra Qəbələ şəhər məscidində olub. Məlumat verilib ki, məsciddə eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə, 600 nəfər ibadət edə bilir. Məscidin divarlarına müqəddəs “Qurani-Kərim”dən surələr yazılıb, sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və digər köməkçi tikililər inşa olunub. Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri sonra Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi Kilsəsini ziyarət ediblər. İnstitutun kollektivinə məlumat verilib ki, dünyada yaşayan udilərin sayı on minə yaxındır. Altı min əhalisi olan Nic qəsəbəsində dörd mindən çox udi yaşayır. Onlar öz dillərini, dinlərini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udi dili tədris edilir. Diqqətə çatdırılıb ki, Nic qəsəbəsində “Orayın” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr mövcuddur. Səfər çərçivəsində Qəbələ Rayon Mədəniyyət Mərkəzində dəyirmi masa təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, Nic qəsəbəsi dünyada udilərin yığcam şəkildə qərarlaşdığı yeganə yaşayış məskənidir və qəsəbə tolerantlığın kiçik modeli hesab edilir. Sonra Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutu haqqında ümumi məlumat verib. Bildirilib ki, təhsil müəssisəsi Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb. İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin inkişafına, uğurlu gələcəklərinin qurulmasına, hərtərəfli şəxsiyyət kimi yetişmələrinə xüsusi önəm verir. Ali təhsil müəssisəsində keçirilən bütün tədbirlərin başlıca məqsədinin tələbələrin intellektual və mənəvi baxımdan inkişafını hədəflədiyini vurğulayan rektor Nic qəsəbəsinə ziyarətin də bu baxımdan xüsusi önəm daşıdığını bildirib. Qeyd edilib ki, Qəbələyə səfər zamanı gənclər Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasətinin, həmçinin Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi, udilərin də mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlərin həyata keçirildiyinin canlı şahidi olublar.

Keçidlər