Nic qəsəbəsində Milad bayramı qeyd edilib.
Yanvarın 7-də dünyanın pravoslav xristianları tərəfindən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı qeyd olunur. Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər də bu günü özünəməxsus şəkildə qeyd edirlər. Dünən qəsəbə sakinləri “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşmışlar. Mərasimdə Alban-udi icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətimizin onlara olan diqqət və qayğısından danışmış, bayram münasibətilə təbriklər səsləndirmişlər. Qeyd olunmuşdur ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlıq mühitinə gözəl nümunə kimi qeyd edib. Məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. Yeddi min nəfər əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udi yaşayır ki, onların 300-ü Oğuz və Bakı şəhərində qeydiyyatdadırlar. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Nic qəsəbəsindəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Sonda Milad günü mərasimi ilə əlaqədar kilsədə şamlar yandırılmış, dualar oxunmuş, bayram süfrəsi açılmışdır.