Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun inzibati ərazi dairələrində hesabat yığıncaqları keçirilir.

09 yanvar 2019 | 16:00

Qəbələ rayonunun inzibati ərazi üzrə nümayəndəliklərində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncaqları keçirilir. Yanvarın 8-də rayonun Aydınqışlaq kəndində keçirilən yığıncaqda Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və digərləri iştirak etmişlər. İclasda icra hakimiyyəti başçısının bu inzibati ərazi uzrə nümayəndəsi Şahin Xancanov 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə dair məruzə etmişdir. Nümayəndə qeyd etmişdir ki, 2018-ci il respublikamız üçün uğurlu il olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm və nəhəng layihələr həyata keçirilmiş, respublikamızın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Qəbələ rayonu da Azərbaycanın sürətli inkişafından geri qalmamış, rayonda icrası nəzərdə tutulan bütün sosial-iqtisadi məsələlər, quruculuq-abadlıq işləri uğurla yerinə yetirilmişdir. Məruzəçi qeyd etmişdir ki, Aydınqışlaq kəndində də 2018-ci ildə rayonun ümumi inkişaf prosesinə uyğun işlər görülmüşdür. Ərazidə kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə xeyli artmışdır. Ölkə Prezidentinin ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması barədə tapşırıqlarına və bu sahənin inkişafında göstərdiyi qayğıya cavab olaraq kənddə baramaçılığın və fındıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Ötən il kənddə 60 qram ipək qurdu toxumu bəslənmiş, 5,6 hektar yeni fındıq bağı salınmışdır. Ərazidə sosial problemlərin həlli sahəsində də xeyli iş görülmüşdür. Kənd tam orta məktəbin binası əsaslı təmir olunmuş, ərazisi abadlaşdırılmışdır. Əhalinin içməli suya olan tələbatını daha da yaxşılaşdırmaq üçün kənddə əlavə 1 ədəd artezian quyusu qazılmış, kəndarası yollara çınqıl tökülərək hamarlanmışdır. Kənd əhalisi fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmuşdur. İcra nümayəndəsi 2019-cu ildə kənddə görüləcək işlər barədə də yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Kənd tam orta məktəbinin direktoru Sevil Nəbiyeva, Aydınqışlaq bələdiyyəsinin sədri İmran Cabbarov, kənd ağsaqqallarından Aləddin İsgəndərov, müəllim Sənani Məmmədov və başqaları yığıncaqda çıxış etmişlər. Hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova 2018-ci ildə respublikada, o cümlədən rayonda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər barədə yığıncaq iştirakçılarına məlumat vermiş, Aydınqışlaq kənd inzibati ərazi nümayəndəliyinin fəaliyyətini təhlil etmiş, 2019-cu ildə inzibati ərazi nümayəndəliyinin fəaliyyətinin daha uğurlu olacağına əminliyini bildirmişdir. Hesabat yığıncağında müvafiq qərar layihəsi müzakirə edilərək qəbul olunmuşdur.

Keçidlər