Ötən il Qəbələdə 541 nəfər işlə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Qəbələ rayon şöbəsi ötən il rayon icra hakimiyyəti, idarə, müəssisə və təşkilatlarla birlikdə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsiz və işaxtaran şəxslərin müvafiq işlə təmin olunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirib. Belə ki, rayon üzrə 2018-ci ildə 1530 nəfər işsiz və işaxtaran vətəndaşların 541 nəfəri işlə təmin olunub, 7 nəfərə işsizlik sığortası ödənilib. Işlə təmin olunanların 413 nəfəri kişilər, 128 nəfəri isə qadınlar olub ki bunun da 14-29 yaş arası gəncləri 152 nəfər təşkil edib. İşsiz və işaxtaran şəxslərin işlə təmin olması məqsədilə hər il müntəzəm olaraq rayonda “Əmək yarmarkası” təşkil olunur. Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən boş iş yerləri işaxtaranlara təqdim olunur.