“20 Yanvar qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.
Qəbələ Rayon Mərkəzi Poçt şöbəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü - ümummilli hüzn gününə həsr edilmiş “20 Yanvar qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib. Tədbiri şöbənin rəisi Rauf Kərimov açmış, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rauf Kərimov çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ermənipərəst qüvvələrin və onların SSRİ rəhbərliyindəki havadarlarının məkrli planı nəticəsində Bakıya ordu və xüsusi təyinatlı dəstələrin yeridildiyini, dinc əhaliyə qarşı divan tutulduğunu diqqətə çatdırmışdır. Bildirilimişdir ki, həmin gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub, nəticədə qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri öldürülüblər. Qanlı hadisəyə ilk olaraq öz siyasi münasibətini ümummilli lider Heydər Əliyevin bildirdiyini deyən natiq Ulu Öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini vurğulayıb. O, əvvəlcədən planlaşdırılmış 20 Yanvar qətliamının Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını, lakin bu planın baş tutmadığını söyləyib. Qeyd edilib ki, Ümummilli Liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilib. Toplantıda çıxış edən mərkəzin əməkdaşları totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyəti haqqında danışmış, Vətənin azadlığı, suverenliyi uğrunda qəhərəmanlıq göstərərək canlarından keçmiş Azərbaycanın oğul və qızlarının şücaətindən söhbət açmışlar. Bildirilmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan və qanlı yanvar faciəsində şəhid olanların xatirəsi yaddaşlardan heç vaxt silinməyəcəkdir.