Zalam kənd inzibati ərazi dairəsində 2018-ci ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib.
Yanvarın 22-də Zalam kənd inzibati ərazi nümayəndəliyində 2018-ci ildə görülmüş işlərə dair hesabat iclası keçirilib. Hesabat yığıncağında Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar və ağsaqqallar iştirak edib. Hesabat məruzəsində kənd inzibati ərazi nümayəndəsi Soltan Ramazanov 2018-ci ilin Zalam kəndi üçün uğurlu olduğunu qeyd edib. Belə ki, Qəbələ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri Zalam sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Məruzədə diqqətə çatdırılıb ki, ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının Qəbələdə uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanlar hesabına gördüyü işlər nəticəsində ötən il kənddə əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Bildirilib ki, hesabat ilində kənd sakinlərini narahat edən problemlər icra nümayəndəliyində araşdırılmış, məsələnin həli ilə bağlı lazimi tədbirlər görülmüşdür. Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edib. O, kənd sakinləri tərəfindən verilən sualları cavablandırmış, 2019-cu ildə Qəbələ rayonunda icra olunacaq irimiqyaslı layihələr, o cümlədən Zalam kəndində həyata keçiriləcək tədbirlər haqqında məlumat vermişdir.