Rayonun Vəndam qəsəbəsində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Vəndam qəsəbə sakinləri ilə görüş-qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev respublikamızın bu günkü uğurlu inkişafından danışıb. Qeyd olunub ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən Qəbələ rayonunda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar salınır, qaz xətləri çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Diqqətə çatdırılıb ki, ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, o cümlədən fındıqçılığa, tütünçülüyə və baramaçılığa xüsusi dəstək göstərilir. Görülən işlər, həyata keçirilən tədbirlər əhalimizin yaxşı yaşaması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Görüşdə son illər Vəndam qəsəbəsində də geniş quruculuq işlərinin aparıldığı, sosial problemlərin aradan qaldırıldığı qeyd olunub. Yaşayış məntəqəsində 1 nömrəli mətəbin əsaslı təmir olunduğu, daxili yollarda təmir işlərinin aparıldığı, ərazinin telefonlaşdırıldığı, yeni artezian quyularının qazıldığı, hazırda 2 nömrəli məktəbin binasının inşasına başlanıldığı, sakinlərin fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz edildiyi vurğulanıb. Sonra qəsəbə sakinləri dinlənilib. Onlar Qəbələ rayonunda və Vəndam qəsəbəsində görülmüş abadlıq-quruculuq işlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. Çıxış edənlər qəsəbədə həllini gözləyən məsələlər barədə təklif və mülahizələrini söyləyiblər. Görüşü yekunlaşdıran RİH başçısı əhali tərəfindən qaldırılan məsələlərin araşdırılaraq tədbir görülməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.