Vəndam qəsəbə inzibati ərazi nümayəndəliyində 2018- ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib.
Yanvarın 29-da Vəndam qəsəbə inzibati ərazi nümayəndəliyində 2018- ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib. İclasda Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Bağırov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qəbələ rayonda da sosial-iqtisadi sahədə böyük uğurlar qazanılıb. Hesabat məruzəsində rayonumuzda əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlərin görüldüyü, adamların məşğulluğunun təmin olunmasına göstərilən dövlət qayğısı nəticəsində bu gün Vəndam qəsəbəsində də əksər sosial problemlərin həll edildiyi qeyd olunub. Son illər rayonda aparılan quruculuq işlərinin fonunda Vəndam qəsəbəsində yenidənqurma və abadlıq işlərinin geniş vüsət aldığı diqqətə çatdırılıb. Məruzəçi Vəndam qəsəbə inzibati ərazisində sakinlərin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlərin 2019-cu ildə də davam etdiriləcəyini vurğulayıb. Qəsəbə sakinləri Teymur Qarayev, Asif Həşimov və başqaları iclasda çıxış edərək yaşayış məntəqəsinin inkişafına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Hesabat iclasında çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycanın dünya miqyasında öz sözünü deyən lider ölkələrdən birinə çevrildiyini bildirib. Bölgələrdə aparılan – abadlıq quruculuq işlərinin sosial rifahın, tarazlı iqtisadi inkişafın, ən yaxşı göstəricisi olduğunu qeyd edən RİH başçısının müavini qəsəbədə görülən yenidənqurma işləri nəticəsində son dövrlər öz görkəmini dəyişən, müasirləşən, inkişaf edən yaşayış məntəqəsinin rayonun ən gözoxşayan ərazilərindən birinə çevrildiyini diqqətə çatdırıb. Qarşıda daha mühüm vəzifələr olduğunu bildirən natiq, rayon rəhbərliyinin qayğısı ilə bu vəzifələrə ciddi yanaşılacağını və tapşırılan işlərin yüksək məsuliyyətlə yerinə yetiriləcəyini deyib.