Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhər inzibati ərazi nümayəndəliyində 2018- ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

01 fevral 2019 | 03:00

Yanvarın 31-də Qəbələ şəhər inzibati ərazi nümayəndəliyində 2018-ci ildə görülən işlərə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda şəhər ictimaiyyətinin nümayəndələri, ərazidə fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. İclası giriş sözü ilə şəhər inzibati ərazi nümayəndəsi Dəmir Bağırov açaraq 2018-ci ildə ərazidə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Hesabat məruzəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Respublikamızda həyata keçirilən böyük quruculuq işləri barədə toplantı iştirakçılarına geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, iqtisadiyyatının tarazlı inkişafını təmin edən uğurlu siyasət ölkəmizi regionun aparıcı dövlətlərdən birinə çevirmişdir. Dəmir Bağırov bildirmişdir ki, Azərbaycanın bu günkü inkişafı, tərəqqisi ölkə başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasətin təntənəsidir. Dövlət başçısı tərəfindən regionlara göstərilən diqqət və qayğının nəticəsində bu gün rayonların, qəsəbə və kəndlərin siması dəyişir, hər yerdə böyük quruculuq işləri həyata keçirilir. Məruzəçi tərəfindən Azərbaycanın bu günkü inkişafı və tərəqqisi fonunda Qəbələ rayonunun, o cümlədən şəhərimizin sürətli inkişaf dövrünü yaşadığı qeyd edilmişdir. Burada görülən işlərin, həyata keçirilən layihələrin sayəsində Qəbələ dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrildiyi, şəhərimizin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanmışdır. Şəhər əhalisinə göstərilən xidmətlərin yüksək səviyyədə təşkili üçün ərazi nümayəndəliyi tərəfindən bir sıra tədbirlərin hazırlanaraq həyata keçirildiyi, elektrik enerjisinə, mavi yanacağa, telefon və internet xidmətinə, içməli suya və kommunal xidmətlərə olan tələbatın tam ödənildiyi bildirilmişdir. Ərazidə su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi istiqamətində tikinti quraşdırma işlərinin davam etdirildiyi, şəhər əhalisinin və turistlərin istirahətinin təşkili üçün park və xiyabanlarda təmizlik, səliqə səhman işlərinin müntəzəm aparıldığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, şəhərin prospekt və küçələri müasir memarlıq üslubunda yenidən qurulmuş, yollara asfalt örtüklər döşənmiş, piyadalar üçün səkilər salınmışdır. Məruzə ətrafında şəhər 1 nömrəli məktəbin müəllimi Esmira Əsədova, 1 nömrəli körpələr evi- uşaq bağçasının tərbiyəçi müəllimi Aytən Məmmədova, rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev, təhsil şöbəsinin müdiri Arifə Bayramova, Qızıl Aypara Cəmiyyəti rayon təşkilatının sədri Sədaqət Bayramova və digərləri çıxış edərək 2018-ci ildə Qəbələ şəhərində görülən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişlər. Çıxış edənlər Qəbələnin sürətli inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Yığıncaqda iştirak edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda ölkə başçısının dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat vermişdir. RİH-nin rəsmisi ölkə başçısı tərəfindən Qəbələnin inkişafına göstərilən böyük diqqət və qayğı sayəsində şəhərin su-kanalizasiya şəbəkələri sisteminin, enerji təsərrüfatının yenidən qurulması, mərkəzi xəstəxana kompleksinin, Ləki-Qəbələ dəmir yolunun inşası istiqamətində tikinti işlərinin davam etdirildiyini bildirmişdir. RİH başçısının birinci müavini göstərilən bu diqqət və qayğının bizdən daha yaxşı işləməyi tələb etdiyini, eyni zamanda məsuliyyətimizi daha da artırdığını söyləmiş və əmin olduğunu bildirmişdir ki, 2019-cu ildə Qəbələ şəhərində həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq-quruculuq işləri daha da genişləndiriləcəkdir. Hesabat yığıncağında müvafiq qərar layihəsi qəbul olunmuşdur.

Keçidlər