Qəbələ rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Qəbələ rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə tər güllər düzmüşlər.
Daha sonra Qəbələ Mədəniyyət Mərkəzində hesabat yığıncağı öz işinə başlamışdır. Yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq 2018-ci ildə Qəbələ rayonunda sosial-iqtsadi sahədə görülmüş işlər barədə ətraflı məruzə etmişdir. Qeyd olunmuşdur ki, ötən dövr ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 246.101,0 min manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 25.177,0 min manat, yaxud 11,3 % artmışdır. 2017-ci ilə nisbətən ümumi məhsul buraxılışı sənayedə 27.841,0 min manat, yaxud 82,6 %, kənd təsərrüfatında 2.294,0 min manat, yaxud 3,3 %, nəqliyyatda 187,0 min manat, yaxud 4,9 %, rabitədə 81,0 min manat, yaxud 7,4 %, ticarətdə 5.307,0 min manat, yaxud 16,5 % artmışdır. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2307 manat təşkil etmişdir. İl ərzində sənaye müəssisələrində çalışan 1.397 nəfər işçinin orta aylıq nominal əmək haqqı 336 manat olmuşdur. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 74.095,0 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 70.692,0 min manat təşkil etmişdir. 2003-cü ilin oktyabr ayından 1 yanvar 2019-cu ilədək 16.843-ü daimi olmaqla, 18.642 yeni iş yeri açılmışdır. İl ərzində açılmış yeni iş yerlərinin sayı 1.936 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir. Rayonun yerli gəlirləri 2018-ci ilin yekunlarına görə 14.930,0 min manat proqnoza qarşı 21.494,8 min manat (144,0 %) və ya 6.564,8 min manat çox yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 6.859,0 min manat proqnoza qarşı 9.871,7 min manat (143,9 %) və ya 3.012,6 min manat çox, yerli xərcləri 6.859,0 min manat proqnoza qarşı 6.561,9 min manat (95,7 %) icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 8.036,0 min manat proqnoza qarşı 11.600,2 min manat (144,4 %) və ya 3.564,2 manat çox icra olunmuşdur. Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən yalnız biri-aksiz vergisi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlir üzrə büdcəyə 305,1 min manat az vəsait daxil olmuşdur. Digər 9 növ gəlirlər üzrə 3.317,8 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 3.012,7 min manat çox yerinə yetirilmişdir. Hesabat dövründə rayonda tikinti-quruculuq sahəsində işlər uğurla davam etdirilmişdir. Belə ki, 2018-ci il ərzində Qəbələ şəhərində 120 uşaq yerlik körpələr evi-uşaq bağçası və Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi işləri başa çatdırılmışdır. Eləcə də Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidənqurulması obyektində inşaat işləri davam etdirilmişdir. Bununla yanaşı şəhərin Heydər Əliyev prospekti 6 və 19 nömrəli ünvanalrındakı ikimərtəbəli ictimai yaşayış binalarında, Muxtar Abduyev küçəsindəki 5 mərtəbəli yaşayış binasında, Zərifə Əliyeva adına parkda əsaslı təmir işləri başa çatdırılmış, Heydər Əliyev prospekti 28 və 30 nömrəli ünvanlardakı yaşayış binalarının dam örtükləri əsaslı təmir olunmuş, Hacıalılı kənd uşaq bağçasında təmir işləri aparılmış, şəhərin Əhməd Cavad, Məhəmməd Qəribov, Əhmədağa Bağırov, İsmət Qayıbov, Mirzə Fətəli Axundov, Arif Haqverdiyev və Seyid Əzim Şirvani küçələrində 23.880 kv.m asfalt örtük vurulmuşdur. İl ərzində rayonun Laza kəndində 80 şagird yerlik ümumi orta və Zərgərli kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəb binaları tikilib istifadəyə verilmişdir. Hazırda rayonun Şəfili kəndində 20 şagird yerlik ibtidai, Qaradeyin kəndində 80 şagird yerlik modul tipli tam orta məktəb binalarında quraşdırma, Vəndam qəsəbəsində 2 nömrəli məktəb üçün isə 360 yerlik yeni məktəb binasında tikinti işləri davam etdirilir. Rayonun Mıxlıqovaq kəndində içməli su təchizatı sisteminin qurulması layihəsi həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Çarxana, Aydınqışlaq, Xırxatala, Yenikənd, Tövlə, Uludaş, Tikanlı kəndlərinin və Bum qəsəbəsinin hər birində bir ədəd olmaqla 8 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmışdır. Qəbələ şəhərində 160 çarpayılıq rayon mərkəzi xəstəxana kompleksinin tikintisi, Dəmiraparan çayının sahilində Qəbələ şəhərinin sel sularından və daşqınlardan mühafizəsi məqsədilə aparılan sahilbərkitmə işləri davam etdirilmiş, 43 kilometrlik Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılmışdır. 2018-ci il ərzində Qəbələyə gələn xarici ölkələrin dövlət rəsmilərinin və turistlərin sayı da əhəmiyyətli dərəcədə artmışdır. Beynəlxalq əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılmış və bir çox beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, fevral ayında VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan iştirakçıları Qəbələnin Nic qəsəbəsinə səfər edib, onlara udi xalqının tarixi ilə bağlı məlumatlar verilib. May ayında Qəbələ Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri Yarışları, iyun ayında Vəndam qəsəbəsində 1500 nəfərin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi”nə həsr edilmiş “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı, Heydər Əliyev Konqres Mərkəzində 350 nəfərin iştirakı ilə "Gənc xilasedici" VI Beynəlxalq yarışı və "Gənc xilasedici və yanğınsöndürən" VII Ümumrespublika birinciliyinin final mərhələsi keçirilmişdir.Hesabat dövründə bir sıra dövlətlərin səfirləri tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər. Səfər çərçivəsində onlar rayonun tarixi yerləri və sənaye müəssisələri ilə yaxından tanış olmuşlar. Bununla yanaşı iyun ayının 20-22 tarixlərində rayon icra hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Polşanın Qnezno şəhərində keçirilən Azərbaycan Respublikasında müstəqilliyin əldə edilməsi və Polşa Respublikasının müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmişdir.
Səfər zamanı nümayəndə heyəti Qnezno şəhərinin bir sıra istehsal müəssisələri, bölgənin tarixi-mədəni yerləri və turizm sektoru ilə yaxından tanış olmuşdur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməkliyi ilə rayonumuzda keçirilən beynəlxalq musiqi və kino festivalları, rəsm sərgiləri, idman yarışları və digər bu kimi tədbirlər öz tarixi şöhrətinə qovuşmaqda olan Qəbələnin həm də dünyanın cəlbedici turizm məkanına çevrilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb edir. Burada keçirilən beynəlxalq tədbirlərə dünyanın müxtəlif ölkələrindən görkəmli musiqiçilər, musiqi kollektivləri və ifaçılar qatılır. Eləcə də Qəbələdə təşkil olunan beynəlxalq rəsm sərgilərində iştirak edən müxtəlif ölkələrin ən məşhur fırça ustaları yaratdıqları unikal təsviri incəsənət nümunələrini, idmançılar isə bu mötəbər yarışlarda öz ustalıqlarını və məharətlərini nümayiş etdirir, eyni zamanda xalqımızın maddi və mənəvi mədəniyyət nümunələri ilə yaxından tanış olurlar.
Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə ötən il keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı da öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb etmişdir. Bu möhtəşəm musiqi bayramına Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrin dünya şöhrətli musiqiçiləri və musiqi kollektivləri qatılmış, həmçinin Azərbaycanın tanınmış musiqiçiləri iştirak etmişlər. Hesabat yığıncağında çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycanda regionların inkişafına daim böyük önəm verdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Respublikanın bu günkü hərtərəfli inkişafından danışaraq qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi Qəbələ rayonunda da abadlıq - quruculuq işləri həyata keçirilir. Yeni yollar salınır, təhsil, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Yığıncaqda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev 2018-ci ildə görülən işlərdən danışıb. Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq, qarşıda duran vəzifələr təhlil olunub. Yığıncaqda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmiş, yığıncaq iştirakçıları adından Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.Sonda rayonun sosial-iqtisadi inkişafında fərqlənən bir qrup şəxsə fəxri fərman təqdim olunub.