Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Kiçik Əmili kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimyyətinin başçısı Səbuhi Abdullayevin Kiçik Əmili kənd sakinləri ilə görüş-qəbulu keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər. RİH-nin başçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkənin bütün regionlarının, eləcə də Qəbələ rayonunun sürətli iqtisadi və mədəni inkişafından tədbirdə söz açmış, aparılan böyük tikinti-quruculuq işlərindən, adamların maddi rifahının yaxşılaşdırılması və məşğulluqlarının təmin edilməsi istiqamətində görülən işlərdən danışmışdır. Natiq çıxışında həyata keçirilən tədbirlər nəticəsində rayonumuzun yaşayış məntəqələrinin simasının gündən-günə dəyişdiyini, abadlaşdığını diqqətə çatdırmış, yeni-yeni məktəblərin, uşaq bağçalarının, sosial obyektlərin, yolların, körpülərin, turizm və idman komplekslərinin tikildiyini və bütün bunların insan amilinə xidmət etdiyini vurğulamışdır. O, son zamanlar Kiçik Əmili kəndində də yeni məktəbin, icra nümayəndəliyi üçün inzibati binanın tikildiyini, artezian quyusunun qazıldığını bildrimiş, kənddə taxılçılığın, baramaçılığın və meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyünü demişdir. RİH-nin başçısı hazırda müasir standartlara uyğun 19 kilometrlik Böyük Əmili-Kiçik Əmili-Zalam-Yenikənd-Bılıx-Əmirvan avtomobil yolunun çəkilişinin aparıldığını qeyd etmişdir. Görüş-qəbulda iştirak edən kənd sakinləri rayonumuzda görülmüş işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlərdən Xasməmməd Səlimov, Elməddin Gəncimov, Zenfira İsmayılova, Yaqub Musayev, Müsavər Səmədov və başqaları kənddə əlavə artezian quyusunun qazılması, mövcud transformatorun gücünün artırılması, kəndarası yolların təmir edilməsi, ərazidə uşaq bağçasının açılması, tibb məntəsi üçün yeni binanın inşa olunması ilə bağlı təkliflər irəli sürmüşlər. RİH başçısı səyyar görüş-qəbulda qaldırılan məsələləri aidiyyəti təşkilatların rəhbərləri ilə müzakirə edərək icrası üçün konkret tapşırıq və tövsiyələr vermişdir.