Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

26 fevral 2019 | 16:00

Qəbələ Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə mədəniyyət mərkəzində məktəblilərin əl işlərindən hazırlanan rəsm sərgisinə baxıblar. Sonra Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi rayon icra hakimiyyətinin başçısının müavini Ətayə Osmanova açaraq erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdiyi və Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan Xocalı faciəsi, bu cinayətin ağır nəticələri barədə danışıb. Kürd kənd tam orta məktəbinin müəllimi Ümidvar Həsənov çıxış edərək Xocalı faciəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə və təhqirlərə məruz qaldıqlarını bildirib. Həmin gecə 613 nəfərin ödürüldüyü, 1000 nəfərin əlil olduğu, qətlə yetirilənlərin 106 nəfərinin qadın, 63 nəfərinin azyaşlı uşaq, 70 nəfərinin isə qocalar olduğu diqqətə çatdırılıb. Ermənilərin 8 ailəni tamamilə məhv etdiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideyinlərindən birini itirdiyini, 1275 nəfərin girov götürüldüyü, onlardan 150 nəfərinin taleyinin indi də məlum olmadığı vurğulanıb. Səslənib ki, Xocalı soyqırımının 27-ci ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev vurğulayıb ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymətin verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyib. Lakin Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilib. Xocalı faciəsinin daha geniş miqyasda siyasi-hüquqi qiymət alması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini, erməni vəhşilərinin tarix boyu xalqımıza qarşı törətdikləri terrorizmin heç vaxt unutmayacağını diqqətə çatdıran RİH-nin başçısı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə düşmən tapdağından azad olunacağına, şəhidlərimizin qisasının düşməndən alınacağına və onların qanının heç vaxt yerdə qalmayacağına əminliyini bildirib. Mərasimdə Xocalı köçkünü Kamal Məmmədov və digərləri cıxış etmişlər. Tədbir rayon uşaq-gənclər inkişaf mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.

Keçidlər