Əhalinin tibbi müayinəsi davam edir.
Ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, altıncı ildir təşkil edilən əhalinin pulsuz tibbi müayinəsi aksiyası da məhz belə tədbirlərdəndir.
Rayonda tibbi müayinələr mütəşəkkil qaydada təşkil olunub. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib edilib. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 74 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur.
Tibbi müayinələrin keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, eləcə də qəsəbə və kənd tibb məntəqələrində hər cür şərait yaradılıb.
Fevral ayının 11-dən mart ayının 1-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 6460 vətəndaş tibbi müayinə olunub. Xəstəlik aşkar edilən şəxslər Qəbələ Rayon Mərkəzi Xəstəxanasında müalicə edilirlər. Müayinələrdən sonra 32 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 444 nəfər ambulator müalicəyə, 67 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. Xəstəliyi daha ağır olan 25 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.
Müayinədən keçən Qəbələ sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.