“İpəkçiliyin və baramaçılığın inkişafı” istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.
Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin iclas zalında “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqro-ekoloji inkişaf modelinin hazırlanması” layihəsi çərçivəsində seminar təşkil edilmişdir. Seminarı Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Əhmədov açmış, məruzəçiləri təqdim etmiş, layihə üzrə nəzərdə tutulan maarifləndirici mövzuların aktuallığı, əhəmiyyətliyi barəsində iştirakçıları məlumatlandırmışdır. Seminarda gündəlikdə nəzərdə tutulan mövzular üzrə təqdimatlar hazırlanmış, slaydlar əsasında aparılmışdır. İlk olaraq gündəlikdə nəzərdə tutulan “Azərbaycanın şimal-qərb bölgəsində ipəkçiliyin inkişaf perspektivləri” mövzusu üzrə layihə iştirakçısı, biologiya üzrə PhD Fərhad Əzizov təqdimat etmişdir. O, təqdimatında bu sahənin həm ölkə, həm də region üçün çox əhəmiyyətli olduğunu, “İpəkçiliyin və baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramı”nda bu sahənin prioritetliyi, ipəkçiliyin bölgə üçün iqtisadi səmərəliliyi, əhalinin məşğulluğunun artırılması, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında rolu barədə məlumatlar verilmişdir. Növbəti mövzu “İpək qurdunun yemlənməsində aqrotexniki qaydalar, ipək qurdunun xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” üzrə təqdimat layihə iştirakçısı biologiya üzrə PhD, dosent Qüdrət Bəkirov tərəfindən təqdimat edilmişdir. O, öz təqdimatında ipək qurdunun inkubasiyası, mikroskop analizi, inkubasiyadan əvvəl görüləcək dezinfeksiya tədbirləri, onların yerinə yetirilmə qaydaları, hər yaş dövrünə uyğun olaraq ipək qurduna qulluq, yemləmə və aqrotexniki qaydalara əməl edilməsi, keyfiyyətli barama və ipək məhsulu alınmasını şərtləndirən amillər və s. barədə geniş məlumatlar vermişdir. Digər mövzu “İpəkçiliyin inkişafının bölgənin və ölkənin iqtisadiyyatında rolu” üzrə ŞREM-in elmi işçisi Aqil Mustafayev məlumat vermişdir. O, öz təqdimatında ipəkçiliyin region və ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti, ipək qurdunun yeni cins və hibridlərinin qiymətləndirilməsi üsulları, ipək çıxımı və məhsuldarlığı ilə fərqlənən cins və hibridlər barəsində, ayrı-ayrı cinslərin bioloji və texnoloji göstəricilərinə dair məlumatlar vermişdir. Növbəti mövzu “Xaricdən gətirilmiş çin çəkil tinglərinin yetişdirilməsində aqrotexniki qaydalar” mövzusu üzrə ŞREM-in elmi işçisi Cosqun Məmmədov təqdimat etmiş, həmin sortun Şəki təcrübə sahəsində əkilmiş tinglərin böyümə və inkişafı dinamikası, onların məhsuldarlığına dair əldə edilmiş nəticələrə dair məlumatlar vermişdir. Təqdim edilmiş mövzular üzrə seminar iştirakçılarının sualları cavablandırılmış və müzakirələr aparılaraq, təkliflər qeydə alınmışdır. Seminarda təqdim edilən mövzular iştirakçılar tərəfindən maraqla dinlənilmiş və iştirakçılara təlimat paylanmışdır. Seminarda rayonun kəndlərində fəaliyyət göstərən kümdarlar, fermerlər, aqronomlar və Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu və mütəxəssisləri iştirak etmişlər. Seminar iştirakçılarına tut ipək qurdunun yemlənməsində aqrotexniki qaydalara dair metodiki təlimat paylanmışdır.