“5 Mart - Bədən tərbiyəsi və idman günü”nə həsr edilmiş şahmat üzrə kişilər arasında rayon turniri keçirilmişdir.
5 mart ölkəmizdə Bədən tərbiyəsi və idman günüdür. Bu tarixin Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini göstərərək Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtdı.
Artıq ənənəvi hal olaraq hər il Azərbaycanda “5 Mart -Bədən tərbiyəsi və idman günü” təntənə ilə qeyd olunmaqdadır. Qəbələ rayon Gənclər və İdman idarəsi müvafiq tədbirlər planına əsasən 05 martda kişilər arasında şahmat üzrə rayon birinciliyi keçirmişdir.
Turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək yarış iştirakçılarını salamlamış, onları təbrik edərək uğurlar arzulamışdır. İştirakçılara bu günün yaranma tarixi barədə məlumat verilərək bildirmişdir ki, bu tarix cənab Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Həmçinin birinciliyin keçirilməsində məqsəd yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, idmanın kütləviliyinə nail olmaqdan ibarətdir.
Turnirdə rayonun kənd, qəsəbə və müxtəlif idman kollektivlərindən olan 20-dək şahmatçı dairəvi sistem üzrə gərgin oyun nümayiş etdirmişlər.
Gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin yekununda 1-ci yeri Kərimli Rəşad Fərari oğlu, 2-ci yeri Səfərov Eldar Saleh oğlu, 3-cü yeri Quluyev Fariz şahid oğlu tutmuşdur. Fəal iştiraka görə Alməmmədov Araz Bağır oğlu, ən gənc iştirakçı Abuşov Nicat İmran oğlu, ən yaşlı iştirakçı nominasiyası üzrə Aləmmədov Əlövsət Çərkəz oğlu layiq görülmüşlər.
Qaliblərə Gənclər və İdman idarəsinin diplom, kubok və xatirə hədiyyələri təqdim edilmişdir.