Rayonun Zarağan kəndində səyyar görüş-qəbul keçirilib.
Martın 13-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Zarağan kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında 2019-cu ildə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, görülən işlərin fonunda bölgəyə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Yaranan problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımların atıldığını vurğulayan rayon icra hakimiyyətinin başçısı hər bir yaşayış məntəqəsində, eləcə də Zarağan kəndində əhalini narahat edən məsələlərin həlli ilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmışdır. Sonra sakinlər dinlənilmişdir. Çıxış edən vətəndaşlar əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən bütün işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Kənd sakinlərindən Həziran Ömərov, Raziyə İsayeva, Siracəddin Həmidov, Çingiz Əhmədov, Könül Şahbəndiyeva və başqaları çıxışlarında yeni artezian quyusunun qazılmasını, ərazidə təzə transformatorların quraşdırılmasını və işıq xətlərinin təmir olunmasını, kəndarası yolların hamarlanmasını, həkim məntəqəsi üçün müasir bina tikilməsini xahiş etmişlər. Görüş-qəbulda rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.