Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 9 şəhər və rayondan olan məktəbliləri Qəbələ rayonuna səfər etmişlər.

16 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 15-dən 18-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı, Tərtər və Gədəbəy məktəblilərindən ibarət 9 qrupun üzvləri martın 15-də, günorta saatlarında Qəbələyə çatıblar. Şagirdləri rayon icra hakimiyyətinin nümayəndələri qarşılayıb. Rayondakı “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərinə yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanış olmağa başlayıblar. Ümumilikdə 320 nəfər şagird və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə əvvəlcə proqrama uyğun olaraq Dəmiraparan çayının sahilində “Ölkəmizi tanıyaq” devizi altında ağacəkmə aksiyası keçirilib. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər küknar, ağcaqayın və palıd ağacı əkərək onları suvarıblar. Sonra gəzinti zaman şagirdlərə Qəbələ-Şəki-Zaqatala marşurutu üzrə təşkil ediləcək və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq martın 15-18-də Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, bölgənin coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar. Qəbələyə səfərin ilk günü şagirdlərin marağına səbəb olan məkanlardan biri də Nohur gölü olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər orada xatirə şəkilləri çəkdiriblər. Sonra Yengicə kəndindəki “Zoopark”a ekskursiya edən şagirdlərə orada bəslənilən heyvanlar barəsində ətraflı məlumat verilib. Qeyd edək ki, tur aksiyanın bütün iştirakçıları martın 16-da Şəki və Zaqatalaya səfər edəcəklər. Məktəblilər martın 17-də Qəbələnin tarixi məkanları, turizm obyektləri və istehsal müəssisələri ilə yaxından tanış olacaqlar.

Keçidlər