Qəbələ rayon məktəbliləri Şəmkir rayonunda sevinclə qarşılanıblar.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Qəbələ rayon məktəblilərindən ibarət IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər martın 23-də Tovuz şəhərinə gəliblər. Tur-aksiya iştirakçıları Tovuz şəhərində “Ayan Palace” mehmanxanasında nahar etdikdən sonra Şəmkir rayonuna yola düşüblər. Məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra aparatının və şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Burada məktəblilər ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini hörmət və ehtiramla anıblar. Şəmkir rayonu ilə tanışlığa başlayan məktəblilər burada Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, Bayraq Muzeyi, “Abidələr” parkı, Alman kilsəsi və “İstiqlal” parkına baxış keçiriblər. Sonda tur-aksiya iştirakçıları Tovuz rayonuna geri dönüblər.