Rayonun Yengicə kəndində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin əhali ilə növbəti görüş-qəbulu martın 27-də Yengicə kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı görüş iştirakçılarına Prezdent İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan quruculuq-abadlıq işlərindən, həyata keçirilən sosialyönümlü islahatlardan, iqtisadi sahədə əldə olunan uğurlardan danışmışdır.Ölkədə gedən geniş quruculuq işlərinin əyani nümunəsini Qəbələnin, o cümlədən Yengicə kəndinin timsalında görməyin mümkün olduğunu vurğulayan RİH-nin başçısı bildirilmişdir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun müasir tələblərə cavab verən səviyyədə yenidən qurulması, ərazidə yeni müasir standartlara cavab verən məktəb binasının tikintisi, təbii qazın çəkilişi, elektrik təchizatının yenilənməsi, yaşayış məntəqəsinin içməli və suvarma suyu ilə təmin olunması əraziyə göstərilən diqqətin əyani təzahürüdür. Qeyd olunmuşdur ki, 2014-cü ildə ölkə başçısının iştirakı ilə kənddə “Qafqaz Thermal Hotel”-- müalicə istirahət kompleksi açılmışdır. İşçilərinin əksəriyyəti kənd sakinləri olan kompleksdə əhalinin bütün təbəqələrinin müalicəvi sudan istifadə edə bilməsi üçün hər cür şərait yaradılmışdır. Tədbirdə çıxış edənlər rayonda görülmüş böyük quruculuq işlərinə, və son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən qayğının artırılmasına görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Görüş-qəbulda iştirak edən kənd sakinlərindən Əlövsət İbrahimov, Elsevər Nəbiyev, Əsmər Nəzirova, Nabir Qəhrəmanov və başqaları əraziyə əlavə işıq transformatorunun qoyulmasını, işıq dirəklərinin dəyişdirilməsini, yeni artezian quyusunun qazılmasını, kəndarası yolların təmir edilməsini, yaşayış məntəqəsinə internet xəttinin çəkilməsini xahiş etmişlər. Təklif və müraciətlərin bir qismi yerindəcə həll olunmuş, digərləri barədə qanunamüvafiq qaydada tədbir görülməsi üçün aidiyyatı vəzifəli şəxslərə zəruri tapşırıqlar verilmişdir.