DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qəbələ rayonunda vətəndaşları qəbul edib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 19-da şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Qəbələ rayonunda vətəndaşları qəbul edib. Qəbulda Qəbələ rayonunun sakinləri ilə yanaşı İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər. DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb. Görüşdə əsasən ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, rezidenturaya qəbul, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları, əvvəlki illərin məzunlarının qəbulu və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib. Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.