Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş ”Ölməz Şəxsiyyət” adlı tədbir keçirilmişdir.
Qəbələ rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş ”Ölməz Şəxsiyyət” adlı tədbir keçirildi. Tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüsalə Rəsulova, şəhər 4 saylı tam orta məktəbin şagirdləri, Qəbələ rayon Tarix – Diyarşünaslıq muzeyinin əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Qasımova Kəmalə açaraq tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşdüyünü və bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənlərinə bağlı olduqlarını vurğulayaraq, belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olduğunu , dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimizin ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşadığını qeyd etdi.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüsalə Rəsulova çıxış edərək “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndərin bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etdiyini vurğuladı.
Mərkəzin bələdçisi Mahirə Kərimova çıxış edərək Ulu öndərimizin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısını aldığını, inkişafa nail olduğunu, 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirdiyini qeyd etdi. Natiq bildirdi ki, Ulu öndərimizin müdrikliyi, qətiyyəti, iradəsi sayəsində dövlət müstəqilliyimiz sarsılmaz və dönməz olmuşdur. Ümummilli liderimiz müstəqil dövlət qurmaqla yanaşı, eyni zamanda azərbaycanlıları birləşdirən milli təlimi – Azərbaycançılıq ideologiyasını da yaratmışdır. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, Əsrin müqaviləsinin imzalanması, böyük layihələrin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yeni istehsal müəssisələrinin yaradılmasına, yüz minlərlə iş yerlərinin açılmasına, beləliklə, xalqımızın rifah halının yaxşılaşdırılmasına səbəb olmuşdur.
Sonda Ümummilli Liderin həyat fəaliyyətini əks etdirən video görüntü nümayiş olunmuşdur.