Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İlahiyyat İnstitutu Qəbələdə yuxarı sinif şagirdləri ilə görüş təşkil edib.

14 may 2019 | 16:00

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Qəbələ rayonuna olub.
İnstitunun rektoru Ceyhun Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova və tədbirin digər iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucalan abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Qəbələ şəhər 5 saylı tam orta məktəbdə keçirilən görüşdə icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova bildirib ki, ölkəmizdə təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli- mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edir. Ə.Osmanova yeniyetmə və gənclərin mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərə diqqət çəkib.
Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən rektor vurğulayıb ki, hazırda həmin siyasi xətt cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir.
İnstitut haqqında məlumat verən Ceyhun Məmmədov Aİİ-nin yaranması, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, İnstitut Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Fidan Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.
Sonda abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib. Səfər çərçivəsində İnstitutun heyəti Qəbələ şəhərində yeni inşa olunan və Mərkəzi Cümə məscidlərini ziyarət edib. Ziyarət zamanı məscidlər haqqında geniş məlumat verilib. Bildirilib ki, Qəbələ şəhər məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə, Mərkəzi Cümə məscidi isə 1898-ci ildə tikilib. Sovet hakimiyyəti dövründə Qəbələ Mərkəzi Cümə məscidindən ictimai fəaliyyət məqsədilə istifadə olunub. 2005-ci ildə məscidin binası əsaslı təmir olunaraq, dindarların istifadəsinə verilib.

Keçidlər