28 May – Respublika Gününə həsr edilmiş “Bilik” yarışı keçirilmişdir.
Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 24 may 2019-cu il tarixdə Qəbələ şəhər 1 saylı tam orta məktəbin akt zalında “28 May – Respublika Günü”nə həsr edilmiş Qəbələ şəhər tam orta məktəbləri arasında “Bilik” yarışı keçirilmişdir.
Yarışın əsasnaməsinə uyğun olaraq “Bilik” yarışında tam orta məktəblərinin IX-XI sinif şagirdləri komanda şəklində iştirak etmişdir. Bilik yarışı Azərbaycan dili - ədəbiyyat, tarix, riyaziyyat-həndəsə, coğrafiya, fizika, biologiya, kimya fənləri üzrə keçirilmişdir. Münsiflər heyəti tərəfindən suallar hazırlanaraq yazılı şəkildə komandalara təqdim edilmiş və komandanın üzvlərindən biri yazılı şəkildə sualı cavablandırmışdır.
Qaliblərin mükafatlanma mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək 28 May Respublika günü münasibətilə iştirakçıları təbrik edərək bildirmişdir ki, yarışın keçirilməsində məqsədin yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda şagirdlər arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaqdan ibarət olduğunu bildirdilər.
Toplanmış xalların nəticəsinə görə Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası II yerə və Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.
Yarışın yekununda qalib gəlmiş (I, II, III yerləri tutmuş) və fərqlənmiş komandalara Gənclər və İdman idarəsinin kubok və diplomları təqdim olunmuşdur.