Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər.
Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Karsın başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 195 məcburi köçkün ailəsi üçün salınmış yaşayış məhəlləsində olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqlara zəruri texniki infrastrukturla təchiz olunmuş yaşayış məhəlləsi haqqında məlumat verib. Ölkəmizdə aparılan hərtərəfli islahatlardan və əldə edilən sosial-iqtisadi uğurlardan söz açan komitə sədri Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirdiyini, bununla bağlı konkret fəaliyyət proqramının həyata keçirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həmin kateqoriyadan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni yaşayış sahələrinin inşa edilməsinə, məşğulluq və sağlamlıq məsələlərinə böyük qayğı göstərdiyini bildirib. Qeyd edilib ki, qonaqlar qəsəbədə yaşayan məcburi köçkünlərlə görüşüb, burada fəaliyyət göstərən 188 yerlik məktəblə tanış olub, siniflərin birində ingilis dili dərsinin gedişini izləyiblər. Məcburi köçkün ailələrdən birinin mənzilinə baş çəkən almaniyalı deputatlar ailə üzvləri ilə söhbətləşiblər. Nümayəndə heyətinin rəhbəri Yohannes Kars bildirib ki, onlar bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışan qonaqlar Azərbaycandakı alman irsinə xüsusi diqqət göstərilməsini yüksək qiymətləndiriblər. Bundan başqa, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin təqdirəlayiq olduğu bildirilib.