Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) 80 illik yubileyi və X qurultayı keçirilib.

27 may 2019 | 16:00

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dəstəyi ilə Qəbələdə Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) 80 illik yubileyi və X qurultayı keçirilib.
Tədbirdə çıxış edən ACC-nin prezidenti, akademik Ramiz Məmmədov ölkə elminin inkişafında əlaqələndirici və istiqamətverici rol oynayan Azərbaycan Coğrafiya Cəmiyyətinin nüfuzlu təşkilata çevrildiyini diqqətə çatdırıb.
“Azərbaycan Coğrafiya Cəmiyyəti 80 ildə” mövzusunda məruzəsində akademik bu qurumun yaranma tarixi, ona rəhbərlik edən görkəmli alimlər, struktur və sahə bölmələri, prioritet istiqamətləri, beynəlxalq əlaqələri, nəşr fəaliyyəti, orta və ali məktəblərdə coğrafiyanın tədrisi, əldə edilən nailiyyətlər, ictimaiyyətlə əlaqələr, ekoturlar və s. məsələlərdən söhbət açıb. Qeyd edib ki, coğrafiyaçı alimlərin tədqiqatları ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə və inkişafına yönəlib. Əldə edilən mühüm elmi nəticələr ölkənin müxtəlif təsərrüfat sahələrində, təbii resursların səmərəli istifadəsində, təbiəti mühafizə işlərində geniş tətbiq olunur.
Plenar iclasda “Fiziki coğrafiya elminin Azərbaycan təbiətinin öyrənilməsində nailiyyətləri, problemləri və onların cəmiyyətə çatdırılması yolları”, “İnsan coğrafiyası: iqtisadi, sosial və demoqrafik tədqiqatlar, davamlı inkişafın ictimailəşməsində ACC-nin rolu”, “Qlobal iqlim dəyişmələrinin Azərbaycanda təzahürlərinin əsas xüsusiyyətləri”, “Xəzər dənizinin tədqiqinin müasir vəziyyəti, onun Azərbaycanın sosial-iqtisadi həyatında rolu” və digər mövzularda məruzələr dinlənilib.
Sonra mövzularla bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Qurultayın əvvəlcədən iştirakçılara paylanmış qərar layihəsi təkliflər nəzərə alınmaqla ikinci oxunuşda təsdiq edilib.
Sonda təşkilati məsələlərə baxılıb. Rəyasət heyətinin 23 nəfərdən ibarət üzvü təsdiq edilib. Akademik Ramiz Məmmədov növbəti dəfə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, dosent Məhərrəm Həsənov birinci vitse-prezident, coğrafiya elmləri doktoru Şəkər Məmmədova və coğrafiya üzrə fəlsəfə doktoru Şahin Pənahov isə vitse-prezident seçiliblər.

Keçidlər