Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini Qəbələ rayonuna səfər etmişdir.
Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini Qəbələ rayonuna səfər etmişdir. Qəbələ RİH-də, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən qarşılanan səlahiyyətli səfirə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının, bağçılığın, üzümçülüyün, tərəvəzçiliyin, tütünçülük, baramaçılıq və heyvandarlığın inkişafı istiqamətində ölkə başçısı İlham Əliyev tərəfindən son illərdə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində rayonda müsbət nəticələr əldə olunub.
Diqqətə çatdırılmışdır ki, bu gün Qəbələ rayonunda turizm infrstrukturu başlıca və mühüm sahələrdən biri hesab olunur. Burada yaradılan gözəl şəraitin nəticəsidir ki, ildən-ilə buraya dincəlmək üçün səfər edən turistlərin sayı nəzərə çarpacaq dərəcədə artır.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini bildirən Rodrigo Labardini Qəbələ rayonuna dəfələrlə səfər etdiyini vurğulayaraq hər gəlişində burada gedən sürətli iqtisadi inkişaf proseslərinin canlı şahidi olduğunu vurğulamışdır.
Tərəflər arasında turizm və mədəniyyət sahəsindəki əməkdaşlıq haqqında fikirlərini bölüşən səfir ölkəmizin qonaqpərvərliyi ilə bütün dünyada tanındığını qeyd etmişdir.
Qarşılıqlı səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri dinlənilmiş, qarşılıqlı əlaqələrin inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.