Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları-2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimi və sertifikatin təqdimetmə mərasimi olmuşdur
MDB-yə üzv dövlətlərin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Dövlətlərarası Humanitar Forumunun oktyabrın 15-17-də Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdur. Bununla əlaqədar olaraq Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları- 2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimi olmuşdur. Tədbir iştirakçıları əvvəlcə Qəbələnin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.Sonra yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanışlıq olmuşdur.Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv ölkələrin humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu qonaqları salamlayaraqmərasimdə 10-dan çox ölkənin nüfuzlu rəsmi nümayəndəsinin iştirak etdiyini demişdir. Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbriklərini çatdıran səfir humanitar əməkdaşlıq fondunun yaranması və fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, fond MDB məkanında humanitar əməkdaşlığın genişlənməsinə təkan verir. Coğrafi cəhətdən MDB ölkələri xalqlarının uzun illər boyu bir yerdə yaşadığı üçün mədəniyyətlərimiz arasında fəal dialoqun olduğunu qeyd edən Polad Bülbüloğlu Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsindən danışmışdır.Qəbələnin beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi etdiyini deyən səfir Azərbaycanın bu qədim şəhərinin beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrildiyini demişdir. Bildirmişdir ki, bütün bu tədbirlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərlyi ilə paytaxt Bakı ilə yanaşı bu gün Azərbaycanın regionları da sürətlə inkişaf edir. Səfir dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkədə mədəniyyət və incəsənət sahələrinin inkişafına göstərdiyi diqqətdən danışmışdır. Polad Bülbüloğlu ümummulli lider Heydər Əliyevin MDB ölkələrinin xalqları arasındakı əməkdaşlığın inkişafında rolunu da qeyd etmişdir. Tacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev, Qırğızıstan Respublikasının Prezident Aparatının eksperti Zayırbek Erqeşov, Moldovanın Mədəniyyət Nazirliyinin “Moldova-Konsert” Milli Mədəni Mərkəzinin sədri Valentin Qoqa təşkilatçılığa görə minnətdarlığını bildirmişdir. Azərbaycanda beynəlxalq mədəni tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən təşkilat sədri Bakıda təşkil edilən “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilindən danışmışdır. Bakının sürətlə inkişaf etdiyini və bu inkişafın onda məmnunluq hissi doğurduğunu deyən qonaqlar Qəbələdə olduqları müddətdə vaxtlarının çox səmərəli və maraqlı keçdiyini vurğulamışlar.Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibəti ilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edən Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç və Rusiyanın Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov Qəbələdə olduqları müddətdə yüksək qonaqpərrəvlik gördüyünü məmnunluqla söyləmişlər. Onlar Azərbaycanda həyata keçirilən məqsədyönlü regional siyasətin çox uğurlu olduğunu demişlər.Sonra Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağli sertifikatin təqdimetmə mərasimi olmuşdur. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələnin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı qərarın ötən il dekabrın 5-də qəbul edildiyini bildirmiş, Qəbələnin mədəniyyət paytaxtı seçilməsində əməyi olanlara minnətdarlıq etmişdir. Vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə dünya əhəmiyyətli mədəni tədbirlər keçirilmişdir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Qəbələ öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. MDB İcraiyyə Komitəsi sədrinin müavini Toktasın Buzubaev MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin təbrik məktubunu oxumuşdur. Məktubda bildirilir ki, Qəbələyə bu adın verilməsi təsadüfi deyil. Burada incəsənətin gözəlliyi ilə təbiətin gözəlliyi vəhdət təşkil edir. Toktasın Buzubaev burada keçirilən mədəni tədbirlərin nəinki MDB, eləcə də dünya mədəni irsinə töhfələr verdiyini demişdir.Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskinin təbrik məktubunu isə Rusiyanın Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov oxumuşdur. Məktubda bildirilir ki, Qəbələnin bu ada layiq görülməsi şəhərin zəngin mədəniyyəti və tarixi ilə bağlıdır. Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv ölkələrin humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu Qəbələnin MDB şəhərləri arasında mədəniyyət paytaxtı seçilməsi təqdirəlayiq hesab etmişdir. Səfir bununla bağlı ilin sonunadək Qəbələdə müxtəlif mədəni tədbirlərin keçiriləcəyini qeyd etmişdir. Sonra Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağli sertifikat rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə təqdim olunmuşdur.Sonda Qəbələ Mədəniyyət Mərkəzində MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunmuşdur.