“Gənc xilasedici və yanğınsöndürən" başlığı altında respublika və beynəlxalq birinciliyə start verilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin Qəbələdə yerləşən Şimal-qərb Regional Mərkəzində məktəblilər arasında Gənc xilasedici və yanğınsöndürən yarışlarının respublika və beynəlxalq birinciliyinə start verilib.FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışda respublikanın müxtəlif rayonları ilə yanaşı, 6 ölkənin təmsilçiləri də qatılmışlar. Beynəlxalq səviyyəli turnirdə Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri, rayon icra hakimiyyətinin işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər belə yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından danışıblar. Yarış kombinə edilən yanğın estafeti, maneələr zolağı, axtarış-xilasetmə işi, gənc ekspertlər və komandaların təqdimatı müsabiqəsi mərhələlərindən ibarət olub.Yarışda qalib gələn komandalara kubok və fəxri fərmanlar veriləcək. Həmçinin qalib adını qazanan komandalar final mərhələsinə vəsiqəni təmin edəcəklər.