Gənc arxeoloq alim və tələbələr Qəbələdə çöl tədqiqatlarında iştirak ediblər.
AMEA-nın İctimai Elmləri Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Qəbələdə gənc arxeoloq alim və tələbələr üçün təşkil olunan beynəlxalq yay məktəbi başa çatıb.
Yay məktəbində gənc alimlər respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələri və əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə cəlb olunublar.
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin “Qəbələdə arxeoloji tədqiqatlar və ilkin nəticələri” mövzusunda məruzəsi dinlənilib. O, Qafqaz Albaniyası və onun paytaxtı olmuş Qəbələ haqqında yazılı mənbələr, burada aparılmış ilk arxeoloji tədqiqatlara dair məlumat verib, həmçinin son illər rayonun Səlbir ərazisindəki qazıntılardan danışıb. Ərazidə aşkar olunmuş antik və orta əsrlər tikililərinin qalıqları, su təchizatı sistemi, istehsalat qurğuları və qəbirlər gənc alimlərin böyük marağına səbəb olub.
Beş gün davam edən yay məktəbinin iştirakçılarının dünyanın sivilizasiya tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən Səlbir ərazisinə ekskursiyası təşkil olunub. Onlar, həmçinin çöl tədqiqatlarında iştirak ediblər.