“Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Qəbələdə vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov iyulun 23-də Qəbələ şəhərində sakinləri qəbul edib. Qəbuldan əvvəl Etibar Məmmədov və Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən qəbulda Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya xidmətlərinin, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.