Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhəri yenidən öz qapılarını Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

01 avqust 2019 | 06:00

Dünya musiqi xəzinəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gəlib. Azərbaycanın dilbər guşələrindən olan qədim Qəbələ şəhəri artıq 11-ci dəfədir öz qapılarını Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə 2009-cu ildən uğurla davam edən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bu qədim şəhərdə bir araya gətirib. Gözəl bir ənənəyə çevrilən bu festival öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb.
İyulun 31-dən avqustun 5-dək davam edəcək festivalın builki proqramı əvvəlki illərdə olduğu kimi, yenə də çox zəngindir. Musiqi bayramına Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, orkestrlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunublar.
İyulun 31-də axşam saatlarında Qəbələ Mədəniyyət Mərkəzinin zalında musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Cavad Tağızadənin dirijorluğu ilə gərçəkləşən konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Safura Aslan (vokal), Məhəmmədəli Paşazadə (klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Konsertdə F.Əmirovun “Azərbaycan kapriççiosu”, “Azərbaycan elləri”, S.Prokofyevin “Romeo və Culyetta” baletindən 3 fraqment, A.Campyerinin “Venesiada karnaval” (II hissə), S.Raxmaninovun “Aleko” operasından Alekonun kavatinası, C.Puççininin “Bohema” operasından Müzettanın ariyası, M.Ponsenin violin və orkestr üçün “Estrellita”, Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından Mərdanın ariyası, A.Piazzolanın “Oblivion”, F.Bədəlbəylinin “Anamız Azərbaycan” əsərləri səsləndirilib.
Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festival çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə kamera konserti təqdim olunacaq. Axşam saatlarında isə Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Keçidlər