Qəbələ festivalında Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş kamera konserti təqdim edilib.
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və dostları” adlı konsert proqramı təqdim olunub.
Konsertdə SSRİ Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərək O.Yablonskayanın həyat və yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, pianoçu Oksana Yablonskaya (İsrail-ABŞ) Moskva şəhərində anadan olub. O, Moskva Musiqi Mərkəzi məktəbində A.Qoldenveyzerdən dərs alıb, Moskva Dövlət Konservatoriyasında assistent kimi çalışıb. C.Lonq-Zibaud, Rio de Janeyro, Bethoven müsabiqələrinin qalibi olub. “Carnegie Hall”dakı debütündən sonra dünyanın tanınmış pianoçuları sırasına qoşularaq 40-dan çox ölkənin simfonik orkestr və dirijorları ilə çıxış edib. Onun solo yazıları Beynəlxalq List Cəmiyyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüb.
Diqqətə çatdırılıb ki, O.Yablonskaya 25 ildir Culliard məktəbində dərs deyir. O, dünyanın bir çox tədris mərkəzlərində ustad dərsləri verib. Nyu-Yorkda Şopen Cəmiyyətinin vitse-prezidenti və musiqi direktoru, Yamaha ustad dərslərinin məsləhətçisidir. San-Fransisko Beynəlxalq İncəsənət Akademiyası və Moskva Humanitar Elmlər Akademiyasının akademikidir. O.Yablonskaya L.Vasilenko adına, Bethoven Piano, List Beynəlxalq piano və digər müsabiqələrin münsiflər heyətinin üzvü olub. 2008-ci ildə İtaliyada O.Yablonskayanın Piano İnstitutu açılıb.
O.Yablonskaya, eyni zamanda, Bakı Musiqi Akademiyasının dəvətli məsləhətçisi, Qəbələ Beynəlxalq piano müsabiqəsinin münsiflər heyətinin sədridir.
Kamera konsertində Oksana Yablonskaya, ABŞ-dan olan pianoçular Ninq-Vu Du, Helen Sim, Ukraynadan gəlmiş violonçel ifaçısı Yuri Poqoretski və pianoçu İrina Starodub, həmçinin pianoçular Fərhad Bədəlbəyli, Murad Adıgözəl-zadə, solist Səbinə Əsədova tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə L.Bethoven, F.Şopen, F.Şubert, R.Şuman, S.Raxmaninov, Q.Qarayev və F.Əmirovun əsərləri səsləndirilib.