Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ festivalında Azərbaycanın xalq mahnıları, muğam və təsnifləri səsləndirilib.

04 avqust 2019 | 04:00

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı zəngin və rəngarəngdir. Əvvəlki festivallarda olduğu kimi, bu il də tamaşaçılar muğam ifaçılarının çıxışını böyük səbirsizliklə gözləyirdilər.
Festivalın dördüncü günündə – avqustun 3-də axşam saat 21:00-da Mədəniyyət Mərkəzində tamaşaçılara “Naz-nazı” muğam qrupunun konserti təqdim olunub.
Konsertin əvvəlində məlumat verilib ki, “Naz-nazı” muğam qrupu 2010-cu ildə tanınmış tarzən, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, Əməkdar incəsənət xadimi Malik Mansurovun rəhbərliyi ilə yaradılıb. Qrupun üzvləri Milli Konservatoriyanın müəllim və tələbələridir. “Naz-nazı” muğam qrupu Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərin iştirakçısı, həmçinin nüfuzlu beynəlxalq müsabiqələrin qalibidir. Muğam qrupu həm instrumental, həm də vokal bölmələri üzrə çıxışlar edir. Qrupun repertuarında Azərbaycan muğam və xalq mahnıları, həmçinin Malik Mansurov tərəfindən işlənən muğam kompozisiyaları yer alır.
Konsertdə instrumental qrupun ifasında “Şur”, tarzən Nurlan Cəbizadənin ifa etdiyi “Çahargah” kompozisiyaları, xanəndələr Pərviz Qasımovun və Gülnar Qüdrətlinin ifasında “Mirzə Hüseyn” segahı, “Şahnaz” muğamı, “Mahur” təsnifləri və “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
İstedadlı gənc muğam ifaçılarını tarda Malik Mansurov, bəm tarda Behrad Bonyadi, kamançada Sevinc Mirzəli, udda Bayram Üzeyirov, qanunda Aynur İsgəndərova, nağarada Ramin Abdullayev, bəm nağarada Şəmsəddin Zərbəliyev müşayiət ediblər.
Festivalın proqramına uyğun olaraq, avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzində kamera konserti, axşam saat 21:00-da isə Mədəniyyət Mərkəzində “Kiyev virtuozları” simfonik orkestrinin çıxışı olacaq.

Keçidlər