Serbiya Respublikasının Gənclər və İdman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Qəbələdə
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Serbiya Respublikasının Gənclər və İdman Naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri tanışlıq məqsədilə Qəbələ rayonunda olmuşlar. Nümayəndə heyətinin üzvləri Qəbələ Olimpiya İdman Kompleksində Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevlə görüşmüşlər. Qonaqlara məlumat verilmişdir ki, kompleks 2011-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, tennis və mini-futbol kortu, stadion fəaliyyət göstərir. Olimpiya İdman Kompleksində hal-hazırda boks, üzgüçülük, atletika, sərbəst və yunan-roma güləşi, voleybol, futbol, cüdo idman bölmələri vardır ki, burdada yeniyetmə və gənclər müntəzəm olaraq idmanla məşğul olurlar. Daha sonra qonaqlar rayonun Bum qəsəbəsində olan stend və ox atıcılığı kompleksinə baxış keçirmişlər. Məlumat verilmişdir ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Kompleksin ərazisində olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir. Serbiyalı nümayəndə heyəti “Qəbələ” Futbol Klubunun bazası ilə də yaxından tanış olmuşlar. Diqqətə çatdırılmışdır ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafı”na dair Dövlət Proqramında nəzərdə tutulan işlərin yerinə yetirilməsi məqsədilə təsis edilmiş “Qəbələ” Peşəkar Futbol klubu Azərbaycan Premyer liqasında uğurla çıxış edir. Yeni mövsümə hazırlıqla əlaqədar komandanın gücünü artırmaq məqsədi ilə yeni xarici futbolçular cəlb edilmiş, məşqçilər heyəti yenilənmiş və komandanın baş məşqçisi dəyişdirilmişdir. Futbol klubunun bazası yenilənərək futbolçuların təlim-məşq proseslərini yüksək səviyyədə keçmələri üçün ərazidə FİFA və UEFA-nın tələblərinə cavab verən 5 ədəd təbii örtüklü və 4 ədəd süni örtüklü futbol meydançası tikilib istifadəyə verilmiş, hal-hazırda 15000 yerlik üstüörtülü stadionun inşaası üçün ayrılmış sahədə hazırlıq işləri görülür. Qeyd olunmuşdur ki, hal-hazırda əsas diqqət uşaq futbolunun inkişaf etdirilməsinə yönəldilmişdir. Bu məqsədlə də “Qəbələ” Peşəkar Futbol klubunun nəzdində fəaliyyət göstərən Uşaq Futbol Akademiyasında yaş qruplarının sayı altıya çatdırılmışdır ki, burda da 200-dək yeniyetmə məşğul olur. Stadion ərazisində Uşaq Futbol Akademiyası üçün inzibati bina tikilir. Rayonun Hacallı kəndi ərazisində Akademiya üçün 1500 yerlik süni örtüklü futbol meydançası tikilib idmançıların istifadəsinə verilmişdir. Görüşdə qonaqları maraqlandıran suallara ətraflı cavablar verilmişdir. Sonda Serbiyalı nümayəndə heyəti xoş təəsüratla Şəki şəhərinə yola salınmışdır.