Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı.

05 avqust 2019 | 16:00

İyulun 31-də startı verilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü - avqustun 5-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti təqdim olunub.
İki hissədən ibarət konsertin birinci hissəsində tamaşaçılar dünya şöhrətli pianoçu Oksana Yablonskaya, violin ifaçısı Janna Qandelman, pianoçu Murad Adıgözəlzadə və XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, məşhur violonçel ifaçısı Dmitri Yablonskinin ifasında F.Mendelson və İ.Bramsın əsərlərini dinləyiblər.
Konsertin ikinci hissəsində Türkiyənin “Mirakulum” triosu geniş proqramla çıxış edib.
Əvvəlcə trionun yaradıcılarından olan pianoçu Aytac Rzaquliyeva kollektivin fəaliyyəti və ifa olunacaq əsərlər barədə qısa məlumat verib. Bildirilib ki, “Trio Mirakulum” 2018-ci ildə violin ifaçısı Mert Özkanın və pianoçunun özünün təşəbbüsü ilə yaradılıb. “Mirakulum” sözünün ingilis dilindən tərcüməsi “möcüzə” deməkdir.
Trionun yaradıcılarından olan Aytac Rzaquliyeva Bakı şəhərində anadan olub. P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirən musiqiçi L.Filatova, F.Bədəlbəyli, C.Qarayev, Y.Milşteyn, P.Messner kimi məşhur musiqiçilərin ustad dərslərində iştirak edib. O, Azərbaycan, Rusiya, Türkiyə, Portuqaliya və digər ölkələrdə konsert proqramları ilə tamaşaçıların qarşısına çıxıb. Aytac Rzaquliyeva hazırda Mərmərə Universitetində fortepiano və musiqişünaslıq üzrə dərs deyir, konsert, seminar və ustad dərslərlə çıxışlar edir.
Qrupun tərkibinə, həmçinin Türkiyədən olan musiqiçilər violin ifaçısı Doğu Kaptaner və violonçel ifaçısı Firat Semerçioğlu daxildirlər.
Konsertdə D.Şostakoviçin, G.Svirdovun, Q.Qarayevin, A.Piazollanın, İ.Mirzəyevin və O.Balcının əsərləri səsləndirilib.
Tamaşaçılar musiqiçilərin ifalarını alqışlarla qarşılayıblar.

Keçidlər