Rayonun Soltannuxa kəndində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Soltannuxa kənd sakinləri ilə görüş-qəbulu keçirilib.
Görüşdə Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüşdə RİH-nin başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlərin icmalını verib.
Qeyd edilib ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir.
Bildirilib ki, ölkə başçısı tərəfindən özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəldilməsidir.
RİH başçısı qeyd edib ki, ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. O, son illər Soltannuxa kəndində də xeyli quruculuq işlərinin aparıldığını, digər kəndlərimiz kimi bu yaşayış məntəqəsinə də qaz xətti, asfalt yol çəkildiyini, məktəb binasının və uşaq bağçasının təmir edildiyini, hazırda isə elektrik təsərrüfatında yenidənqurma işlərinə başlanıldığını bildirib.
Sonra rayonun xidmət təşkilatları rəhbərlərinin ərazidə gördükləri işlərə dair hesabatları dinlənilib.
Səyyar qəbulda iştirak edən kənd sakinləri rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən Soltannuxa kəndinin qıraqda qalmadığını vurğulayaraq, onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlərdən Səhrab Babayev, Əbülfət Allahyarov, Dürdanə Mikayılova, Müsavər Sabitov və başqaları kənd məktəbinin binasının əsaslı təmir olunmasına, əlavə sinif otaqlarının tikilməsinə, yeni artezian quyusunun qazılmasına və təzə salınmış yaşayış massivinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Görüşdə sakinlər tərəfindən verilən təkliflərin və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının sektor müdiri Rüfət Əliyev sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləmiş, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirmişdir.