Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilmişdir.

24 avqust 2019 | 02:00

22-23 avqust tarixlərində Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına qayğı ilə yanaşıldığını bildirib.
Müşavirədə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı nümunəvi dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, o cümlədən din xadimlərinin sosial şəbəkələrdən aktiv istifadə etməsinin vacibliyindən danışıb.
Bildirib ki, günümüzdə dövlətimizin din siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Ulu Öndərin siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, xüsusən də gənclərimizin dəyərlərimizə sadiq yetişməsinə böyük önəm verilir.
S.Salahlı qeyd edib ki, din pərdəsi altında gizlənmiş, İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı seçkiliyi salan, digər dinlərə münasibətlərə ciddi zərbə vuracaq materialları yayan qüvvələrə qarşı din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşür. Onlar İslamın, dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini insanlarımıza sadəcə məsciddən yox, həm də məhz sosial media vasitəsilə çatdırmaqda aktivlik nümayiş etdirməlidirlər. Sədrin birinci müavini din xadimlərini sosial medianın gücündən və imkanlarından istifadə edərək respublikamızda sabitliyi pozmaq istəyən, yüksək dini ideyalar uğrunda mübarizə pərdəsi altında fəaliyyət göstərən qrupların əsl simasının ifşa edilməsində prinsipiallıq və aktivlik nümayiş etdirməyə çağırıb.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev isə vurğulayıb ki, dini müxtəlif siyasi maraqların təmin olunmasında vasitəyə çevirməyə çalışan dairələr var. Belə dairələrin əsas ortaq cəhəti odur ki, cəmiyyətdə dini birləşdirici faktor olmaqdan çıxararaq bölücü funksiya daşımasına nail olsunlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, DQİDK-nın əməkdaşı Tərxan Paşazadə və başqaları çıxışlarında ölkəmizdə heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələrin, çəkişmələrin, digər xoşagəlməz halların olmadığını diqqətə çatdırıblar. Natiqlər, həmçinin ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən də bəhs ediblər.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müavirə müzakirələrlə başa çatıb.
Seminar müşavirədə Qəbələ RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zülfüqar Cəfərov iştirak etmişdir.

Keçidlər