Yay Məktəbi aqrar sahəyə maraq göstərən gənc fermerlər üçün səmərəli olub.
Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində AMAL Akademiyası Yay Məktəbi başa çatıb. Avqustun 25-dən sentyabrın 1-dək davam edən yay məktəbində Azərbaycanın müxtəlif regionlarından kənd təsərrüfatına maraq göstərən 18-35 yaş arasında 56 nəfər gənc iştirak edib. Gənc fermerlərin aqrar sahədə bilik və bacarıqlarının artırılması məqsədilə ilk dəfə təşkil edilən AMAL Yay Məktəbi maraqlı təlim proqramı, kənd təsərrüfatı müəssisələrinə səfərlər və əyləncəli tədbirlərlə yaddaqalan olub. İxtisaslaşmış təcrübəli mütəxəssislər tərəfindən interaktiv metodlarla aparılan nəzəri təlimlərdə iştirakçılara “Bazar Dəyər Zənciri”, “Bazar Dəyər Zəncirinin dəstək funksiyaları”, “Fermer hüquqları”, “Fermerlərin bazara çıxışı”, “Maliyyə resurslarına çıxış və kreditlər” “Qadınların İqtisadi Liderliyi”, “İnnovativ kənd təsərrüfatı”, “Kənd təsərrüfatında qlobal tendensiyalar” və digər mövzular barədə ətraflı məlumat verilib. Proqrama uyğun olaraq, yay məktəbinin iştirakçıları nəzəri biliklərlə yanaşı, aqrar sahədə biliklərini artırmaq, təcrübə toplamaq məqsədilə bölgədə fəaliyyət göstərən “Gilan Holdinq”in nəzdindəki “Qəbələ-Aqro Kompleks” MMC-nin ətlik-südlük heyvandarlıq kompleksinə səfərlər edib, istehsal prosesini canlı şəkildə izləyib, uğur qazanmış fermerlərlə tanış olublar. səfərlər gənclər üçün çox səmərəli olub. Yay məktəbinin sonuncu günü həftə ərzində keçirilmiş təlim və tədbirlərin iştirakçılar tərəfindən qiymətləndirilməsi olub, gənclər öz rəy və təkliflərini bildiriblər. Tədbirin sonunda yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.