Daxili Qoşunların Qəbələdə yerləşən hərbi hissəsinin zabit və gizirləri üçün yaşayış binası istifadəyə verilib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş 5 mərtəbəli 80 mənzilli yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.
Tədbirdə iştirak edən Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni binada mənzillə təmin olunmuş sakinlər qarşısında çıxış edərək onları təbrik edib, yeni mənzillərində xoşbəxtlik, yüksək rifah, eləcə də xidmətdə uğurlar arzulayıb. O, zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını bildirmişdir.
Daha sonra Nazir hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub. Daxili Qoşunların mənzillə təmin olunan zabit və gizirləri, onların ailə üzvləri göstərilən diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.