Rayonun Abrıx kəndində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti görüş-qəbulu rayonun ucqar yaşayış məntəqəsi olan Abrıx kəndində keçirilmişdir.Görüş-qəbulda rayonun hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Rayon icra hakimiyyətinin başçısı görüş-qəbula toplaşanları salamlamış, ölkə Prezidentinin tapşırığına uyğun olaraq rəhbər işçilərin yerlərdə əhali ilə keçirlən görüşlərinin əhəmiyyətindən danışmışdır. RİH başçısı qeyd etmişdir ki, son illər ölkəmizdə sosial-iqtisadi, ictimai-mədəni sahələrdə böyük uğurlar qazanılmışdır. Dünyanın tanınmış reytinq təşkilatlarının hesabatlarında Azərbaycan bütün sahələrdə inkişafın səviyyəsinə görə ildən-ilə daha yüksək pillələr fəth edir. Ölkəmizin hər bir guşəsi kimi Qəbələdə bu yüksəlişdə ön sıralarda yer tutur. Elə Abrıx kəndinin son illər surətlə dəyişən, abadlaşan siması da bunu təsdiq edir. Rayon mərkəzindən 35 kilometr aralıda yerləşən bu kəndə müasir asfalt yol çəkilmiş, körpü salınmışdır. Vaxtilə bu kəndə gəlib-getmək çox çətin idi. Xüsusilə yaz payız aylarında sel, daşqın nəticəsində bu kəndin ətraf yaşayış məntəqələri və rayon mərkəzi ilə əlaqəsi bütünlüklə kəsilirdi. İndi isə kəndi rayon mərkəzi ilə dəqiqələrlə ölçülən müasir yol birləşdirir. Kənddə müasir tələblərə cavab verən yeni məktəb binası fəaliyyət göstərir. Kənd sakinlərindən Əli Mustafayev, Yəhya Yəhyayev, Samir Rəfiyev, Ədalət Tağıyev, Şair Abdullayev, Natiq Zəkəriyyəyev və başqaları çıxış edərək ölkəmizdə və rayonumuzda gedən nəhəng abadlıq-quruculuq işlərinə göstərdiyi böyük diqqət və qayğıya və Abrıx kəndinə uzun illər arzusunda olduqları abad yol çəkilişinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Kənd sakinləri yaşayış məntəqəsinə təbii qaz çəkilişinə, elektrik xətlərinin yenilənməsinin başa çatdırılmasına, içməli su ilə təminatın, internetə çıxışın daha da yaxşılaşdırılmasına kömək göstərilməsini xahiş etmişlər. Görüş-qəbul iştirakçılarının təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün tədbirlər müəyyənləşdirilmişdir.